AZ
EN
04.05.2018

"SOCAR GPC" kompleksinin inşası tarixi açıqlandı

Qaz emalı və polimer zavodlarından ibarət SOCAR GPC kompleksinin tikintisinə 2018-ci ilin sonu - 2019-cu ilin əvvəlində başlamaq planlaşdırılır.  Bu barədə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə hesabatın ictimai dinləmələri zamanı "Sulaco" şirkətinin təqdimatında deyilir.

Qeyd olunub ki, bu layihənin əsas məqsədlərindən biri təbii qazın ən yüksək beynəlxalq standartlara uyğun təmizlənməsi və emalıdır. 
“Kompleks hər il 9,1 milyard kubmetr təmizlənmiş qaz, 600 min ton aşağı və yüksək təzyiqli polietilen, 130 min ton propilen, 42 min ton benzol, 25 min ton benzin verəcək. Həmçinin daxili istifadə üçün 32 min ton buten-1, 21 min ton heksen-1 istehsal olunacaq” təqdimatda bildirilir. 
Kompleks Səngəçal qəsəbəsində 305 hektarda yerləşəcək və yalnız 250 hektar tikinti üçün ayrılacaqdır. 
“Lazımi seysmik və geofiziki tədqiqatlar həyata keçirilmişdir. Zavod ərazisində lazımi infrastruktur təşkil olunacaqdır: istehsalat qurğularına əlavə olaraq burada katalizator və kimyəvilərin saxlanması üçün anbar, məşəl sistemi, yanacaq qaz sistemi, karbohidrogenlərin saxlanması, yüklənməsi və boşaldılması üçün sistem də qurulacaqdır. Kompleksinin tikintisinə 2018-ci ilin sonu - 2019-cu ilin əvvəlində başlamaq nəzərdə tutulmuşdur. kompleksin tikintisi dövründə 15 min nəfərin, istismar dövründə isə 2 min nəfərin işlə təmin olunması gözlənilir.” hesabatda deyilir.
Layihənin ətraf mühit və sosial təsirlərinə dair hesabatı  "Golden Associates"(Türkiyə) və yerli "Sulaco Consulting & Engineering" şirkəti tərəfindən hazırlanmışdır. 
 SOCAR GPC layihəsinin mühəndis-konstruktor və tikinti işlərinin dünyanın aparıcı lisenziarları tərəfindən hazırlanan layihələr əsasında Azərbaycan şirkətlərinin dəstəyi ilə mühəndislik, satınalma və tikinti layihələri sahəsində geniş təcrübəsi olan “HQC” şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Nəzərdə tutulmuşdur ki, Technip Şirkətinin C2 –nin 97 faiz saflaşdırılması üzrə “Cryomax” texnologiyası və buxar krekinqi üzrə texnologiyadan istifadəyə dair lisenziya təqdin edəcəkdir. Axens texnologiyası Buten-1, SinopTech texnologiyası Hexen-1 istehsalında və polietilen istehsalında isə Univation lisenziyası istifadə ediləcəkdir. 
İlkin smetaya görə Layihənin ümumi dəyəri təqribən 4 milyard dollar təşkil edir. 
“ING Bank”, Çin İnkişaf Bankı və “Gazprombank” birgə maliyyə məsləhətçiləri seçilib. “Vinson & Elkins” “SOCAR GPC”nin beynəlxalq hüquq məsləhətçisi, “PSG” hüquq firması isə Azərbaycanda hüquq məsləhətçisi xidməti göstərir.