“SOCAR Polymer”in Polipropilen Zavodunda bazar araşdırmasına əsasən, əsas 19 markada və 3 növdə (Homopolimer, Zərbəyə davamlı so-polimer, Statistiki so-polimer) Polipropilen məhsulu istehsal olunacaq.
Polipropilen Zavodunun illik istehsal gücü 184 min ton nəzərdə tutulub. Zavodun xammal təminatçısı “Azərikimya” İstehsalat Birliyidir. Zavod tam gücü ilə işlədikdə xammal kimi “Azərikimya” İB-dən saatda 23 ton propilen alınacaq.
Bu ilin fevral ayında “SOCAR Polymer” Zavodunda nümayiş və sınaq məqsədi ilə ilk dəfə polipropilen məhsulunun istehsalı həyata keçirilib. Zavodun ekstruziya zonasında polipropilen qranullarının kəsilməsi prosesi həyata keçirilib və ilk dəfə sınaq məqsədi ilə yekun polipropilen məhsulu istehsal olunub. Zavodun sınaq-sazlama işləri mərhələli şəkildə həyata keçirilir, tam gücdə sınaq işləri həyata keçirildikdən sonra zavod təhvil verilməlidir.
Hazırda Azərbaycan polipropileni idxal edir. Zavodun istifadəyə verilməsi ilə yerli tələbatın tam ödənilməsi, ixrac potensialının artırılması nəzərdə tutulur.
“SOCAR Polymer” layihəsi son 40 il ərzində öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir. "SOCAR Polymer" layihəsinə Polipropilen Zavodu ilə yanaşı, Yüksək Sıxlıqlı Polietilen Zavodu da daxildir. İllik istehsal gücü 120 min ton təşkil edəcək Yüksək Sıxlıqlı Polietilen Zavodu bu ilin sonuncu rübündə istismara veriləcək.
“SOCAR Polymer”in hər iki zavodunun istismara verilməsi ilə istehsal olunacaq məhsulların 30%-i daxili bazarda realizə olunacaq, qalan hissəsi isə Türkiyə, Avropa və MDB ölkələrinə ixrac ediləcəkdir.
“SOCAR Polymer” MMC Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ilin iyul ayında yaradılıb. Şirkət Sumqayıt Kimya Sənaye Parkın parkının rezidenti qismində qeydə alınıb. Bununla şirkət parkın ikinci rezidenti statusunu alıb. “SOCAR Polymer” Sumqayıt Kimya Sənaye Parkında 30 hektar ərazini əhatə edir.
“SOCAR Polymer”in hər iki zavodunun ümumi dəyəri 750 mln. ABŞ dolları təşkil edir. İnvestisiyanın 60%-i borc kapitalı, 40%-i isə səhmdar kapitalından ibarətdir.
Şirkətin Polipropilen və Yüksək Sıxlıqlı Polietilen İstehsalı zavodları üçün Azot qurğusu da ən müasir texniki və mühəndis həllərə əsaslanır.
“SOCAR Polymer”in hər iki zavodunda istehsal olunacaq xammalın yüzlərlə kiçik, orta sahibkarlıq subyektlərinin yaradılmasına və müxtəlif çeşiddə idxal əvəzedici məhsulların istehsalına təkan verəcəyi gözlənilir. Hesablamalara görə, "SOCAR Polymer" şirkətinin Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodları fəaliyyətləri dövründə 8 mlrd. ABŞ dolları həcmində gəlir gətirəcək.
SOCAR baş ofisi Azərbaycan, Bakıda yerləşən dövlət şirkətidir. Şirkət Xəzər dənizinin Azərbaycan hissəsində dənizdən və quruda təbii qaz və neft hasilatı ilə məşğuldur.
SOCARın tərkibində 3 istehsalat birliyi, 1 neft və 1 qaz emalı zavodu, Dərin Özüllər zavodu, 2 trest, 1 institut daxil olmaqla hüququ şəxs statusuna malik 23 qurum fəaliyyət göstərir.
SOCARın iştirakı ilə yaradılmış birgə müəssisələr (Gürcüstan və Türkiyə da daxil olmaqla) alyanslar, Əməliyyat Şirkətləri neft-qaz sənayesinin müxtəlif sahələrində fəaliyyət göstərir. Şirkətin Gürcüstan, ABŞ, Türkiyə, Rumıniya, Avstriya, İsveçrə, Qazaxıstan, Böyük Britaniya, İran, Almaniya, Ukrayna, Belgiya və Kanadada nümayəndəlikləri təsis olunmuşdur.